- Çalışırıq. Əgər iş varsa,
əmək varsa, sonda nailiyyət də olmalıdır.
- Yaşınızla nailiyyətlərinizi müqayisə
edəndə, vaxtdan yaxşı istifadə
etdiyiniz bəlli olur. Niyə məhz karikaturaçı
rəssam oldunuz?
«25 İLLİK FƏALİYYƏTİMDƏ BELƏ
HALLA RASTLAŞMAMIŞAM»
- Düzü karikatura ilə hələ orta
məktəbdən məşğul idim. Sovet dövrü
adlandırdığımız vaxtlarda çap olunan dövrü
mətbuatda, dövlət qəzetlərində mütəmadi
olaraq karikaturalarım dərc olunurdu. Açığı
marağım vardı. Çünki karikaturaya hər
zaman maraq olub. Bu günə qədər də bu
sahəyə müraciət edirəm. Amma deyə
bilmərəm konkret hansısa bir səbəbi
var. Bəlkə də bu da bizim yolumuzdur.
- Məhz karikatura çəkməklə məşğul
olmaq fərdin özünü daima neqativliyə meylli etmir
ki?
- İstisnalar olur. Amma əksər hallarda yox.
Karikatura özlüyündə tənqid olsa da,
əksər hallarda onunla məşğul olanlar yüksək
yumor hissinə malik insanlardır. Halbuki,
karikaturalarına baxırsan, qara yumordur (biz bunu
belə adlandırırıq). Hətta inana
bilmirsən ki, bu, həmin insanın düşüncəsinin
məhsuludur. Amma buna görə neqativliyə
meyllənmə müşahidə etməmişəm.
- Karikaturaya görə sizi mükafatlandırıblar.
Amma buna görə sizi cəzalandırıblarmı?
- Xeyr, mənim təcrübəmdə belə şey
olmayıb. Ağa qara demirsənsə, niyə
kimsə səndən incisin. Fərqi yoxdur hansı
sahədə, əgər tənqid təhqirə
keçmirsə, kökündə obyektivlik varsa,
məncə, orada inciyəsi, küsəsi, yaxud
cəzalandırılası bir şey olmamalıdır.
- Kökündə obyektivlik dayanan tənqidə
məruz qalmısınız ya yox?
- Tam səmimi deyirəm ki, 25 illik
fəaliyyətimdə belə halla rastlaşmamışam.
«TƏSADÜFİ ADAMLAR KARİKATURA ÇƏKMƏMƏLİDİRLƏR»
- Son illərin təcrübəsi göstərdi ki,
karikatura həm də dinləri, millətləri
üz-üzə qoya bilir. Buna münasibətiniz.
- Bu, çox ağrılı mövzudur. Əslində,
hər bir halda karikatura mədəniyyətləri
birləşdirməyə, insanlar arasında körpü
olmağa xidmət etməlidir. Amma təəssüf
ki, bəzən bunun əksini müşahidə edirik.
Mən deyə bilmərəm bunun arxasında
nə dayanır. Amma məncə, təsadüfi
adamlar karikatura çəkməməlidirlər.
Karikaturaçı çəkdiyinin məsuliyyətini
dərk eləməlidir. Digər insanlar üçün
inam, inanc yeri olan obyektləri tənqid etmək
olmaz. Bu, fəsadlar törədir. Ona görə müəyyən
çərçivələr gözlənməlidir.
- Siz rəssamsınız, karikatura ilə yanaşı
həm də portretlər, əsərlər yaradırsınız.
Bir gün sizdən Tanrını çəkməyi xahiş
etsəydilər, nə çəkərdiniz?
- Düzü bu haqda heç fikirləşməmişəm.
Amma mən bəlkə də təbiəti çəkərdim.
- Belə bir deyim var «Tanrının sadiq qulu».
Nə dərəcədə özünüzü sadiq hesab
edirsiniz?
- Deməzdim ki, tam sadiqəm. Və inanmıram da
ki, kimsə tam sadiq ola bilər. Əgər insanıqsa,
Allah bəndəsiyiksə, hamımızın
səhvi, günahı var. İstəsək də,
istəməsək də, bilərəkdən ya
qeyri-ixtiyari haradasa müəyyən insafsızlığa,
haqsızlığa yol veririk. Və heç kim bundan sığortalanmayıb.
Amma ümumiyyətlə qoyduğunuz sualdakı
nə «sadiq», nə də «qul» sözündən
istifadə etmək istəməzdim. Tam sadiq ola
bilmədiyimizi dedim. Amma qul da olmaq
istəmərəm. Çünki haradasa özümüzün də
iddialarımız olur. Mən inanmıram ki, qul
iddialı ola bilsin. Belə götürəndə də
ki, sadiqlik, fərqi yoxdur nəyə (Tanrıya,
insana, vətəninə, millətinə)
gərək insanın qanında olsun. Özü də ağlı
kəsən gündən ölənədək.
«O DÜNYAYA İNANMIRAM»
- Bəs öləndən sonrakı vəziyyəti
təsəvvür edə bilirsiniz ya yox?
- Açığı, mən o dünyaya inanmıram.
Amma hər bir halda bilirəm ki, kimisə
incitdiyimizə, elədiyimiz hansısa haqsızlığa
görə cavab verəcəyik. Bilmirəm bu, hansı
formada olacaq. Amma əminəm ki, belə də
olmaz. Açığı ona da inana bilmirəm ki,
insan öldüsə, hər şey bitir...
- Heç vaxt gerçəkləşdirə
bilməyəcəyiniz arzunuz var?
- Yox. İnsanın əlində mən fikirləşmirəm
ki, nəsə çətin ola bilər. Əgər
fiziki və əqli imkanları normaldırsa, qarşısına
məqsəd qoyub ona nail ola bilər.
- Bəs sizi nə narahat edir?
- Çox şey.
- Ən çox narahat edən nədir?
- Bilirsiniz, elə məsələlər var ki, onu
həll etmək bir fərd olaraq bizim imkanlarımız
daxilində deyil. Məsələn, mənə bu
gün desələr ki, istədiyin bir arzunu yerinə
yetirə bilərik, deyərəm qoy ərazi bütövlüyümüz
bərpa olunsun. |